Elektron imza və elektron sənəd haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Bu Qanun elektron imzanın və elektron sənədin
istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati,
hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında
yaranan münasibətləri tənzimləyir.
I FƏSİL
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1 Bu
Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:
1.1.1
Verilənlər - informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı
informasiya;
1.1.2
Verilənlər daşıyıcısı - verilənlərin saxlanılması və istifadəsi üçün təyin
edilmiş maddi obyekt;
1.1.3
Məlumat bildirişi - məlumatın verilənlər daşıyıcısında yazılmış forması;
1.1.4
Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli
olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;
1.1.5
Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin
nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza
sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat
bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və
saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;
1.1.6
Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından
çıxış edən fiziki şəxs;
1.1.7
Elektron imza vasitələri (bundan sonra - imza vasitələri) - elektron imza
yaradılması və yoxlanılması, eləcə də imza yaratma və yoxlama məlumatları
yaratmaq üçün istifadə edilən proqram və texniki vasitələr;
1.1.8
Elektron imza yaratma məlumatları - elektron imza yaratmaq üçün istifadə edilən
və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik açardan ibarət
təkrarolunmaz verilənlər;
1.1.9
Elektron imzanı yoxlama məlumatları - elektron imzanın həqiqiliyini yoxlamaq
üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron
imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlər;
1.1.10
Elektron imzanın həqiqiliyi - elektron imzanı yoxlama məlumatları vasitəsi ilə
yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu
məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin
təsdiqi;
1.1.11
Sertifikat - imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron
imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat
xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd;
1.1.12
Təkmil sertifikat - akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən
gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində verilən
sertifikat;
1.1.13
Sertifikat xidmətləri mərkəzi (bundan sonra - Mərkəz) - elektron imza üçün sertifikat
verən və imzaların istifadəsi üzrə bu Qanunla müəyyən edilmiş digər xidmətləri
göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxs;
1.1.14
Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi (bundan sonra - akkreditə
edilmiş Mərkəz) - təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti
orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidmətləri mərkəzi;
1.1.15
Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim
edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;
1.1.16
Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış
hərəkəti ilə bağlı informasiya prosesləri;
1.1.17
Elektron sənəd dövriyyəsi vasitələri - elektron sənəd dövriyyəsində istifadə
olunan proqramlar, texniki vasitələr və texnologiyalar;
1.1.18
Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə
uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza
vasitələri;
1.1.19
Sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri - müəyyən olunmuş
tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş
elektron sənəd dövriyyəsi vasitələri;
1.1.20
Elektron sənədi göndərən (bundan sonra - Göndərən) - elektron sənəd dövriyyəsi
vasitəçisi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd
göndərilən fiziki və ya hüquqi şəxs;
1.1.21
Elektron sənədi alan (bundan sonra - Alan) - elektron sənəd dövriyyəsi
vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi
şəxs;
1.1.22
Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra - Vasitəçi) - elektron
sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini
göstərən fiziki və ya hüquqi şəxs;
1.1.23
Elektron sənədin həqiqiliyi - elektron imzanın həqiqiliyinin yoxlanılması yolu
ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və
bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq
edilməsi;
1.1.24
Korporativ informasiya sistemi - mülkiyyətçinin müəyyən etdiyi və ya
iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçiləri
olan informasiya sistemi;
1.1.25 İmza
sahibi barəsində məlumatlar - sertifikat alarkən imza sahibinin bildirdiyi və
sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar;
1.1.26 Vaxt
göstəricisi - müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi
barədə akkreditə edilmiş Mərkəzin elektron qeydi.
1.2 Bu
Qanunda bundan sonra istifadə edilən "Mərkəzlər" anlayışı sertifikat
xidmətləri mərkəzi və akkreditə edilmiş mərkəzi, "imzalar" isə
elektron imza və gücləndirilmiş imzanı birlikdə ifadə edəcəkdir.
Maddə 2. Elektron imza və elektron sənədin istifadə
sahələri
Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla,
elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün
fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və
qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və
informasiya mübadiləsi aparıla bilər.
Maddə 3. Elektron imza və elektron sənədin hüquqi
qüvvəsi
3.1 Elektron
formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri
ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.
3.2
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna
olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan
təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə
malikdir.
3.3 Təkmil
sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu
Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcı
üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
3.4
Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim
olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada
imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir.
3.5
Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında
təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla,
elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni
hüquqi qüvvəyə malikdir.
3.6
Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında
təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu
Qanunun 25.1 maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq
edilir.
3.7 Məlumat
bildirişinin və elektron sənədin istifadəsi bu Qanunla və digər normativ hüquqi
aktlarla tənzimlənir.
Maddə 4. Elektron imza və elektron sənəd haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Elektron
imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki
Məcəlləsindən, bu Qanundan, "Dövlət sirri haqqında",
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"
Azərbaycan Respublikasının Qanunlarından və digər normativ hüquqi aktlardan
ibarətdir.
II FƏSİL
Elektron imza
Maddə 5. Elektron imzanın istifadəsi
5.1 Elektron
imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan
elektron imza yalnız öz sahibinə məxsusdur.
5.2 İmza
sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar
sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir.
5.3 Elektron
sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin
şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir.
Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama
məlumatları əsasında aparılır.
5.4 Elektron
imzanın yoxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
5.5 İmza
sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi
xəbərdar etməlidir.
Maddə 6. Elektron imzanın dövlət idarəçiliyi
sahəsində istifadəsi
6.1 Dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində
elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və
sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
6.2 Dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanları sahə üzrə akkreditə edilmiş
Mərkəzinin xidmətlərindən istifadə etməlidir.
6.3 Dövlət
hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin
göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.
6.4 Dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan
istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 7. Elektron imzanın korporativ informasiya
sistemində istifadəsi
7.1
Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi sisteminin
daxili normativ sənədləri və ya iştirakçılar arasındakı müqavilə ilə
tənzimlənir.
7.2
Korporativ informasiya sisteminin daxili normativ sənədlərində və ya
iştirakçıları arasındakı müqavilədə imzanı istifadə edən şəxslərin hüquq və
vəzifələri, habelə imzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində
iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar nəzərdə
tutulmalıdır.
7.3
Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlər sistemin
mülkiyyətçisinin qərarı və ya iştirakçıların razılaşması əsasında
formalaşdırılır.
7.4
Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlərin fəaliyyəti,
sertifikatların tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikat
reyestrinin aparılması, sertifikatların saxlanılması qaydaları sistemin daxili
normativ sənədləri ilə tənzimlənir.
7.5
Korporativ informasiya sisteminin sertifikat xidməti mərkəzi sistemdənkənar
informasiya sisteminin istifadəçilərinə xidmət göstərdikdə Mərkəz bu Qanunda
nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir.
III FƏSİL
Sertifikat xidmətləri, sertifikatlaşdırma
Maddə 8. Elektron imza xidmətlərinin subyektləri
Elektron
imzadan istifadə zamanı imza sahibi, sertifikat xidmətləri mərkəzi və ya
akkreditə edilmiş mərkəz və müvafiq icra hakimiyyəti orqanı arasında yaranmış
hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Qanuna və
tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tənzimlənir.
Maddə 9.
Sertifikat xidmətləri mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi
9.1 Mərkəz
Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl müvafiq icra
hakimiyyəti orqanına məlumat verməli və qeydiyyatdan keçməlidir.
9.2
Məlumatda Mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin ünvanı, hüquqi
statusu, maliyyə, texniki, kadr imkanları və fəaliyyətinin xüsusiyyətləri
göstərilməlidir. Hüquqi şəxs bu məlumatlara dövlət qeydiyyatı şəhadətnaməsi və
nizamnaməsinin surətini, fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti barədə sənədləri əlavə etməlidir. Təqdim edilən sənədlərin siyahısı
qeydiyyat qaydaları ilə müəyyən edilir.
9.3 Müvafiq
icra hakimiyyəti orqanı 30 gün müddətində Mərkəzin təqdim etdiyi sənədləri
yoxlayaraq Mərkəzin qeydiyyatı barədə qərar qəbul edir.
9.4 Təkmil
sertifikat xidmətləri göstərmək üçün Mərkəz müvafiq icra hakimiyyəti orqanında
akkreditədən keçir və ona təkmil sertifikat verilir.
9.5
Akkreditə edilmiş mərkəzlərin sayına məhdudiyyət qoyulmur.
9.6 Mərkəz
fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat
xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən
sonra başlaya bilər.
9.7 Müvafiq
icra hakimiyyəti orqanı aşağıdakı hallarda Mərkəzin qeydiyyata almaqdan imtina
edə bilər:
9.7.1
iddiaçı şəxs bu Qanunun tələblərinə uyğun olmadıqda;
9.7.2 təqdim
edilmiş məlumat və sənədlər bu Qanunun tələblərinə uyğun olmadıqda;
9.7.3
iddiaçı şəxs yanlış məlumatlar təqdim etdikdə;
9.7.4
informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı
şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadıqda;
9.7.5
iddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə
nəzərdə tutduğu fəaliyyətin bu Qanunun və digər normativ hüquqi aktların
tələblərinə uyğun olmadıqda;
9.7.6
iddiaçı şəxsin dövlətə vergi borcu olduqda;
9.7.7 Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
9.8 Mərkəzin
qeydiyyatı və akkreditə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir.
Maddə 10. Sertifikat xidmətləri
10.1
Mərkəzlər imzanın istifadəsi ilə bağlı aşağıdakı xidmətləri göstərə bilər:
10.1.1
sertifikatın verilməsi;
10.1.2
sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və sertifikatın ləğv
edilməsi;
10.1.3
sorğulara əsasən sertifikatlar barədə bu Qanunla və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş məlumatların verilməsi;
10.1.4 vaxt
göstəricilərinin qeyd edilməsi;
10.1.5
elektron imzanın yaradılması;
10.1.6
imzanın istifadəsi üzrə məsləhətlər verilməsi;
10.2
Sertifikat xidmətlərinin göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir.
Maddə 11. Sertifikatın verilməsi
11.1
Sertifikat müraciət etmiş şəxslə Mərkəz arasında bağlanmış yazılı müqavilə
əsasında verilir.
11.2
Sertifikat almaq istəyən fiziki şəxs Mərkəzə onun şəxsiyyətini təsdiqləyən
sənədi və qaydalarla müəyyən edilmiş digər sənədləri təqdim etməlidir.
11.3 Təkmil
sertifikat almaq üçün akkreditə edilmiş mərkəzə müraciət olunmalıdır.
11.4
Sertifikat verildikdən sonra Mərkəz bu Qanuna müvafiq olaraq onun qüvvəsini
dayandıra, bərpa və ləğv edə bilər.
11.5
Sertifikat qüvvəyə minənədək Mərkəz onun barəsində məlumatları reyestrə daxil
edir və reyestrdə sertifikatın vəziyyətindəki sonrakı dəyişikliklərin
qeydiyyatını aparır.
11.6
Sertifikatın verilməsi və reyestrin aparılma qaydaları, ona daxil edilən
məlumatların tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.
Maddə 12. Sertifikatın tərkibi
12.1
Sertifikata əsasən aşağıdakı məlumatlar daxil edilir:
12.1.1
sertifikatı verən Mərkəzin adı və ünvanı (ölkə);
12.1.2
sertifikatın seriya nömrəsi;
12.1.3 imza
sahibinin adı, atasının adı, soyadı və ya istifadə üçün göstərdiyi təxəllüs;
12.1.4
sertifikatın qüvvədə olma müddəti (müddətin başlandığı və qurtardığı vaxt,
tarix);
12.1.5 imza
sahibinin imza yoxlama məlumatı;
12.1.6 imza
yoxlama məlumatının istifadə ediləcəyi imza vasitələrinin adı.
12.2
Sertifikat kağız daşıyıcıda verildikdə Mərkəzin rəsmi blankında tərtib edilir,
səlahiyyətli şəxsin əl imzası və möhürlə təsdiq olunur. Sertifikat elektron
formada verildikdə isə onu verən Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq
edilir.
12.3 Təqdim
olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verdikdə şəxs
göstəricisi kimi təxəllüsdən istifadə edilə bilər. Bu halda imza sahibinin
təxəllüsdən istifadə etməsi sertifikatda aşkar qeyd olunur.
12.4 Fiziki
şəxslərə verilən təkmil sertifikatda əlavə olaraq aşağıdakılar göstərilir:
12.4.1
sertifikatı verən akkreditə edilmiş mərkəzin adı və ünvanı (ölkə);
12.4.2
təkmil sertifikat olması barədə qeyd;
12.4.3
sertifikatın istifadə sahələri və məhdudiyyətləri;
12.5 Fiziki
şəxslərə verilən təkmil sertifikat onu verən akkreditə edilmiş mərkəzin
gücləndirilmiş imzası ilə təsdiq edilir.
12.6
Akkreditə edilmiş mərkəzə verilən təkmil sertifikatda aşağıdakılar göstərilməlidir:
12.6.1
sertifikatı verən orqanın adı və ünvanı (ölkə);
12.6.2
təkmil sertifikat olma barədə qeyd;
12.6.3
sertifikatın istifadə sahələri və məhdudiyyətləri;
12.7
Akkreditə edilmiş mərkəzə verilən təkmil sertifikat onu verən orqanın
gücləndirilmiş imzası ilə təsdiq edilir.
12.8
Sertifikata daxil edilən digər məlumatlar Mərkəzlə imza sahibi arasında
bağlanmış müqavilədə göstərilir.
12.9
Sertifikat aşağıdakı hallarda etibarsız sayılır:
12.9.1
qanunvericiliyə müvafiq qaydada verilmədikdə;
12.9.2
qüvvədə olma müddəti bitdikdə;
12.9.3
sertifikatı vermiş Mərkəzin gücləndirilmiş imzası həqiqi olmadıqda;
12.9.4
sertifikatın qüvvəsi dayandırılmış və ya ləğv edilmiş olduqda;
12.9.5 onda
qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə.
Maddə 13. Sertifikatın qüvvəsinin dayandırılması və
bərpa edilməsi
13.1
Sertifikatın qüvvəsi Mərkəz tərəfindən aşağıdakı hallarda dayandırılır:
13.1.1 imza
sahibi müraciət etdikdə;
13.1.2
qanunvericiliyə və ya müqaviləyə əsasən səlahiyyətli şəxsin (orqanın) müraciəti
əsasında;
13.1.3
sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyünə və ya imza
sahibinin imza yaratma məlumatlarının təhlükəsizliyinə Mərkəzin əsaslı
şübhələri olduqda.
13.2
Sertifikatın qüvvəsinin dayandırılması barədə Mərkəz dərhal imza sahibinə, müraciət
etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində
müvafiq qeydiyyat aparır.
13.3 Bu
Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulmuş halda sertifikatın qüvvəsi 48
saatdan artıq dayandırıla bilməz.
13.4
Sertifikatın hüquqi qüvvəsi aşağıdakı hallarda bərpa edilir:
13.4.1
sertifikatın qüvvəsinin dayandırılmasını tələb etmiş imza sahibinin müraciəti
və ya müraciət etmiş səlahiyyətli şəxsin (orqanın) icazəsi olduqda;
13.4.2
Mərkəz tərəfindən görülmüş tədbirlər nəticəsində əsaslı şübhələr aradan
qaldırıldıqda;
13.4.3
sertifikatın qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda.
13.5
Sertifikatın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi üçün müraciətlər
yazılı şəkildə edilməli və müvafiq sənədlərlə əsaslandırılmalıdır.
13.6 Sertifikatın
qüvvəsinin dayandırılması, bərpa edilməsi ilə əlaqədar yaranan mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 14. Sertifikatın ləğv edilməsi
14.1
Sertifikat aşağıdakı hallarda Mərkəzlər tərəfindən ləğv edilə bilər:
14.1.1 imza
sahibinin müraciəti əsasında;
14.1.2
sertifikatın qüvvədə olma müddəti başa çatdıqda;
14.1.3
qanunvericiliyə əsasən səlahiyyətli şəxsin (orqanın) qərarı və ya müraciəti
əsasında;
14.1.4 imza
sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyətini itirmiş hesab edildikdə;
14.1.5
sertifikatın verilməsi üçün Mərkəzə təqdim olunan sənəd və məlumatların saxta,
səhv və ya qüvvədən düşmüş olması bəlli olduqda;
14.1.6 imza
sahibinin imza yaratma məlumatları üzərində nəzarəti itirməsi Mərkəzə bəlli
olduqda;
14.1.7 onda
qeyd olunmuş münasibətlərdə istifadə edilmədikdə;
14.1.8
imzanın istifadə olunmasını tənzimləyən hüquqi aktların və ya Mərkəzlə
bağlanmış müqavilənin tələbləri imza sahibi tərəfindən pozulduqda;
14.1.9 istifadə
edilən imza vasitələrinin sertifikatı hüquqi qüvvəsini itirdikdə;
14.1.10
qanunvericiliklə müəyyən edilmiş digər hallarda.
14.2
Sertifikatın qüvvəsinin ləğv edilməsi barədə Mərkəz imza sahibinə, müraciət
etmiş səlahiyyətli şəxsə (orqana) məlumat verir və sertifikatlar reyestrində
düzəlişlər barədə qeydiyyat aparır.
14.3
Sertifikatın ləğv edilməsi ilə əlaqədar yaranan mübahisələr məhkəmə qaydasında
həll edilir.
Maddə 15. Sertifikat xidmətləri üzrə sənədlərin
saxlanılması
15.1
Sertifikatda göstərilmiş istifadə sahələri üzrə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində hüquqi qüvvədə olan, qüvvəsi
dayandırılmış və ya ləğv edilmiş sertifikatlar, həmçinin ona aid digər sənəd və
məlumatlar Mərkəzdə saxlanılır.
15.2 Mərkəz
sertifikatın saxlanıldığı dövrdə informasiya sistemi istifadəçilərinin
sertifikata sərbəst və fasiləsiz müraciətini təmin edir, onunla bağlı
sorğularına cavab verir.
15.3 Mərkəz
aşağıdakı sənədlərin saxlanılmasını təmin edir:
15.3.1
sertifikat xidmətlərinin təhlükəsizliyinin təmin edilməsinə aid sənədləri;
15.3.2 imza
sahibləri ilə bağlanmış müqavilələri;
15.3.3
Mərkəzin sertifikatı əsasında verilən sənədlərin surətlərini;
15.3.4 imza
sahibinin təlimatlandırılmasını təsdiq edən sənədləri;
15.3.5
sertifikatın hüquqi qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv olunması
haqqında sənədləri.
15.4
Mərkəzdə saxlama müddəti bitdikdən sonra sertifikat reyestrdən çıxarılır və
arxivə verilir. Arxivdə saxlama müddəti, bu dövrdə sertifikatların surətlərinin
və onlar barəsində digər məlumatların verilməsi qaydası Azərbaycan
Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 16. Xarici ölkələrdə verilmiş sertifikatların
tanınması
16.0 Xarici
ölkələrdə verilmiş sertifikatlar Azərbaycan Respublikasında aşağıdakı hallarda
hüquqi qüvvəyə malik olur:
16.0.1
sertifikatı vermiş Mərkəz Azərbaycan Respublikasında akkreditədən keçmişdirsə;
16.0.2
sertifikat bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları ilə müəyyən edilmiş təhlükəsizlik tələblərinə uyğundursa;
16.0.3
sertifikata Azərbaycan Respublikasında akkreditə edilmiş Mərkəz və ya müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təminat verilirsə;
16.0.4
Sertifikat Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdə nəzərdə tutulmuş xarici Mərkəzlər tərəfindən verilmişdirsə.
Maddə 17. Mərkəzlərin hüquqları, vəzifələri və
məsuliyyəti
17.1
Mərkəzlər aşağıdakı hüquqlara malikdirlər:
17.1.1
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz fəaliyyətini
təmin etmək və tənzimləmək;
17.1.2 bu
Qanunda nəzərdə tutulan sertifikat xidmətlərini göstərmək;
17.1.3
təkmil sertifikatlarla bağlı xidmətlər göstərmək üçün müvafiq icra hakimiyyəti
orqanında akkreditədən keçmək;
17.1.4
fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət etmək;
17.1.5
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada fəaliyyətinə xitam
vermək;
17.1.6
Mərkəzin qeydiyyatının və ya akkreditəsinin ləğv olunması, sertifikatın
qüvvəsinin dayandırılması və ya ləğv edilməsilə bağlı qərarlardan Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəməyə şikayət etmək;
17.1.7
ödənişli əsaslarla sertifikat xidmətləri göstərmək;
17.1.8
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sertifikatların
istifadə sahələrini və məhdudiyyətlərini müəyyən etmək.
17.2 Mərkəz
sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu
sertifikatın və imza vasitələrinin istifadə qaydaları, Mərkəzin hüquqi statusu
və akkreditə vəziyyəti barədə məlumatlandırmalıdır.
17.3 Mərkəzlər
aşağıdakı vəzifələri yerinə yetirir:
17.3.1
fəaliyyətin təhlükəsizliyini və imza sahibi barəsində məlumatların mühafizəsini
təmin edir;
17.3.2 imza
sahibinin təqdim etdiyi sənədləri araşdırır və zəruri hallarda onların
yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanına müraciət edir;
17.3.3
sertifikatların reyestrini aparır, onun aktuallığını və ona sərbəst, fasiləsiz
müraciət edilməsi üçün lazımi şəraiti təmin edir;
17.3.4
sertifikatlar barədə məlumatlar verir;
17.3.5
sertifikat xidmətləri üzrə sənədləri və məlumatları saxlayır;
17.3.6 bu
Qanunun 13 və 14-cü maddələrində nəzərdə tutulan hallarda sertifikatların
qüvvəsini dayandırır, bərpa və ya ləğv edir, bu barədə imza sahibini və
müraciət edən səlahiyyətli şəxsi (orqanı) məlumatlandırır.
17.3.7
fəaliyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edir və onun
sorğularına cavab verir;
17.3.8
fəaliyyətə başladığı müddət nəzərə alınmaqla, hər il informasiya sisteminin
təhlükəsizlik auditinin keçirilməsini təmin edir və nəticəsini 30 gün ərzində
müvafiq icra hakimiyyəti orqanına təqdim edir;
17.3.9
müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyətinə nəzarət edilməsinə
şərait yaradır;
17.3.10
Azərbaycan Respublikasının qanunvericiliyində və ya tərəflər arasındakı
müqavilədə nəzərdə tutulmuş digər vəzifələri icra edir.
17.4
Mərkəzlər aşağıdakılara görə məsuliyyət daşıyır:
17.4.1
fəaliyyətinin təhlükəsizliyinə, imza yaratma məlumatlarının və imza sahibi
barəsində məlumatların mühafizəsinə;
17.4.2
sertifikatdakı məlumatların tamlığı və düzgünlüyünə;
17.4.3
sertifikat xidmətlərinin keyfiyyətinə və dəqiqliyinə;
17.4.4
sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə;
17.4.5
Mərkəzin fəaliyyəti nəticəsində imza sahibinə maddi zərər vurulmasına;
17.4.6
sertifikatın istifadəsinə təsir edə bilməsi məlum olmuş məlumatların imza
sahibinə vaxtında çatdırılmamasına.
17.5
Akkreditə edilmiş Mərkəz təkmil sertifikatların verilməsini Azərbaycan
Respublikasının qanunvericiliyinin, bu Qanunun və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirir və sertifikatda
onun istifadə sahələrini, məhdudiyyətlərini göstərir.
17.6 Təkmil
sertifikat və xarici sertifikat xidmətləri mərkəzinin sertifikatına təminat
vermiş akkreditə edilmiş Mərkəz imza istifadəçisinə vurulmuş zərərə görə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
17.7 İmza
sahibi tərəfindən müqavilə şərtlərinin pozulması, sertifikatın təyinatına
riayət edilməməsi nəticəsində imza istifadəçisinə vurulmuş zərərə görə Mərkəzlər
məsuliyyət daşımır.
Maddə 18. Sertifikat xidmətlərinə aid tələblər
18.1
Mərkəzlər fəaliyyəti dövründə texniki, kadr və maliyyə imkanlarına, o cümlədən
istifadəçilərə vurula biləcək zərəri ödəmək üçün maliyyə imkanlarına malik
olmalı, etibarlı və fasiləsiz xidmət göstərməlidir.
18.2
Mərkəzlər sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının
verilməsi üçün sertifikatlaşdırılmış imza vasitələrindən istifadə etməlidir.
18.3
Mərkəzlər fəaliyyətə başlamazdan əvvəl və qeydiyyatdan keçdikdən sonra hər il
informasiya sisteminin auditini keçirməlidir, sistemdən etibarlı istifadəni
təmin edən texnika və texnologiyalar tətbiq etməlidir.
18.4
Mərkəzlər fəaliyyətin təmin edilməsi məqsədilə bilikli, təcrübəli və səriştəli
işçi heyətə malik olmalıdır.
Maddə 19. Sertifikat xidmətləri mərkəzinin
fəaliyyətinə xitam verilməsi
19.1
Mərkəzin fəaliyyətinə xitam verilməsi Azərbaycan Respublikasının mülki
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
19.2 Mərkəz
fəaliyyətinə xitam verilməsinə ən azı 30 gün qalmış kütləvi informasiya
vasitələrində və digər vasitələrlə elan verir, qüvvədə olan sertifikatlara
malik imza sahiblərini, sertifikatlarına təminat verdiyi, təminat müqavilələri
bağladığı sertifikat xidmətləri mərkəzlərini və müvafiq icra hakimiyyəti
orqanını xəbərdar edir.
19.3 Elanın
verilməsindən 30 gün keçdikdən sonra Mərkəz qüvvədə olan sertifikatların ləğv
edilməsini həyata keçirir.
19.4
Akkreditə edilmiş Mərkəz fəaliyyətinə xitam verilməsi barədə elandan 30 gün
keçdikdən sonra imza sahiblərinin razılığı ilə təkmil sertifikatları, onlarla
və imza istifadəçilərinin sorğuları ilə bağlı məlumatları akkreditə edilmiş
başqa mərkəzə və ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir. Təhvil
verilməmiş sertifikatlar ləğv edilir və bu Qanunun 15-ci maddəsinə uyğun olaraq
saxlanılmaq üçün müvafiq icra hakimiyyəti orqanına verilir.
19.5
Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq Mərkəzlərin qeydiyyatını, akkreditəsini ləğv edə
və fəaliyyətinə xitam verilməsi barədə iddia qaldıra bilər:
19.5.1
qeydiyyat üçün təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmadıqda və ya
qüvvəsini itirdikdə;
19.5.2
fəaliyyəti zamanı müntəzəm olaraq qanun pozuntularına yol verildikdə.
19.6
Korporativ informasiya sisteminə xidmət edən Mərkəzin fəaliyyətinə sistemin
mülkiyyətçisinin qərarı ilə və ya iştirakçılarının razılaşmasına uyğun olaraq
xitam verilə bilər.
Maddə 20. İmza sahibinin hüquqları, vəzifələri və
məsuliyyəti
20.1 İmza
sahibi aşağıdakı hüquqlara malikdir:
20.1.1
Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və
təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq;
20.1.2
barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq;
20.1.3
sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə
qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək.
20.2 İmza
sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik
olmalıdır.
20.3 İmza
sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına
cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir.
Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi
müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin
dayandırılmasını tələb etməlidir.
20.4 İmza
sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda
göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir.
20.5 İmza
sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən təqdim etdiyi
məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.
20.6 Bu
Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində
dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən məsuliyyət daşıyır.
IV FƏSİL
Elektron sənəd
Maddə 21. Elektron sənədə dair tələblər
21.1
Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir:
21.1.1
texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal
edilməli, ötürülməli və qəbul edilməlidir;
21.1.2 bu
Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır;
21.1.3
identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
21.1.4
texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə
təqdim olunmalıdır.
21.2
Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün
zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq müəyyən edilir.
Maddə 22. Elektron sənədin quruluşu
22.1
Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir.
22.2
Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi
hissəsində qeyd edilir.
22.3
Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi
(göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
Maddə 23. Elektron sənədin təqdimat formaları
23.1
Elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir.
23.2
Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat
formasıdır.
23.3
Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə
(displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi
onun xarici təqdimat formasıdır.
Maddə 24. Elektron sənədin əsli
24.1
Elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər.
24.2
Elektron sənədin daxili təqdimat formasında bir-biri ilə eyni olan bütün
nüsxələri əsl hesab edilir və bərabər hüquqi qüvvəyə malikdir.
24.3
Elektron sənədin elektron formada surəti ola bilməz.
24.4 Eyni
şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni
məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu
halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.
Maddə 25. Elektron sənədin surəti və onun təsdiq
edilmə qaydası
25.1
Elektron sənədin surəti onun kağız daşıyıcıda əks edilmiş xarici təqdimat
formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş
qaydada təsdiq edilməsi ilə hazırlanır.
25.2
Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin
surəti olması qeyd edilməlidir.
25.3 Elektron
sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız
daşıyıcıdakı, lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti
sayılmır.
25.4
Elektron sənədin əsli və bu Qanunun 25.1-cı maddəsinin tələblərinə cavab verən
kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi qüvvəyə malikdir.
V FƏSİL
Elektron sənəd dövriyyəsi
Maddə 26. Elektron sənəd dövriyyəsinin təşkilinin
əsasları
26.1
Elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası
qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış
müqavilələr əsasında həyata keçirilir.
26.2
Azərbaycan Respublikasının qanunvericiliyində və bağlanmış müqavilədə elektron
sənədlərin mübadiləsi qaydası və onunla bağlı olan texniki-təşkilati tələblər
(sənədlərin mübadilə forması, onların yoxlanılma proseduru, sənədin alınmasının
təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və sairə) müəyyən edilir.
26.3
Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları
əsasında həyata keçirilir.
26.4
Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi
sistemin daxili normativ sənədləri ilə tənzimlənir.
Maddə 27. Elektron sənədin göndərilməsi və alınması
27.1 Şəxsən,
habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən
göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən
informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən
göndərilmiş hesab edilir.
27.2
Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul
etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin
yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı
birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.
27.3 Alan
aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab
etməlidir:
27.3.1
elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;
27.3.2
elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;
27.3.3
elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və
ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik
təkrarıdır.
27.4
Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan
Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur.
Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki
tələblərə uyğun olması qeyd edilməlidir.
27.5
Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən
edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı
məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir.
27.6 Bu
Qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı
münasibətlər istisna olmaqla, elektron sənədlərin məzmunundan və alınmanın
təsdiqlənməsindən irəli gələn digər münasibətləri tənzimləmir.
Maddə 28. Elektron sənədin göndərilmə və alınma
vaxtı
28.1
Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə,
elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində
olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı
(tarix və vaxt) hesab edilir.
28.2
Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron
sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron
sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir.
28.3
Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt
göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.
Maddə 29. Elektron sənədin saxlanılması
29.1
Elektron sənədin saxlanılma qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir:
29.1.1
elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın;
29.1.2
elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən
etməyə imkan versin;
29.1.3
elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;
29.1.4
elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən
az olmasın;
29.1.5
qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun
gəlsin.
29.2 Bu
Qanunun 29.1-ci maddəsi saxlanılması zəruri olmayan elektron sənədlərə şamil
edilmir.
29.3
Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq digər hüquqi və fiziki şəxslərin
xidmətlərindən istifadə edilə bilər.
Maddə 30. Elektron sənədin mühafizəsi
30.1
Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan proqram və texniki
vasitələrdən istifadə edilməlidir.
30.2
Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və
şəbəkələrində mühafizə tədbirlərinin lazımi səviyyəsi bu sistem və şəbəkələrin
mülkiyyətçisi tərəfindən təmin edilir.
30.3
Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə
tədbirlərinin lazımi səviyyəsi Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə müvafiq olaraq bu sistemin mülkiyyətçisi tərəfindən və ya
iştirakçıların razılaşmasına uyğun təmin edilir.
Maddə 31. Vasitəçinin hüquqları, vəzifələri və
məsuliyyəti
31.1
Elektron sənədlərin saxlanması, ötürülməsi və qəbulu zamanı vasitəçi
xidmətlərindən istifadə edilə bilər.
31.2
Vasitəçi fəaliyyətini təmin etmək üçün aşağıdakılara malik olmalıdır:
31.2.1
sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara;
31.2.2
bilikli, təcrübəli və səriştəli işçi heyətə;
31.2.3
xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan
verən şəraitə;
31.2.4 bu
Qanunun 31.2.3-cü maddəsində qeyd olunan informasiyanın saxlanılması üçün
etibarlı sistemə.
31.3
Vasitəçi bu Qanunun 31.2.3-cü maddəsində qeyd olunan informasiyanın 6 ay müddətində
saxlanılmasını təmin etməlidir.
31.4
Vasitəçi fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanında
qeydiyyatdan keçməlidir.
31.5
Vasitəçi istifadəçilərə müqavilə əsasında xidmət göstərir.
31.6 Bu
Qanunun 31.2-ci maddəsində göstərilmiş tələbləri pozan Vasitəçi Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
31.7
Vasitəçi fəaliyyətinin təhlükəsizliyini təmin edir və saxlanılan, ötürülən və
qəbul edilən elektron sənədlərin məzmununa görə məsuliyyət daşımır.
Maddə 32. Məzmununu konfidensial informasiya təşkil
edən elektron sənədlər
32.1
Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər
konfidensial informasiyalar olan elektron sənədlərin istifadə qaydası və
mühafizə tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
32.2
Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin
mübadiləsi üçün yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd
dövriyyəsi vasitələrindən istifadə olunmalıdır.
32.3
Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin
tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin
ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.
32.4 Bu
Qanunun 32.1-ci maddəsində nəzərdə tutulan elektron sənədlərlə işləməyə
buraxılan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
bu sənədlərin mühafizəsi üçün zəruri tədbirlərin görülməsini təmin
etməlidirlər.
32.5 Tərəflər
arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsi həyata keçirən
subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və
onların mühafizə üsullarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq özləri müəyyən edirlər.
VI FƏSİL
Xüsusi müddəalar
Maddə 33. Dövlət tənzimləməsinin həyata keçirilməsi
33.1
Elektron imzanın tətbiqi və istifadəsi proseslərinin, sertifikat xidmətləri
mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi və ona nəzarət edilməsi müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
33.2 Müvafiq
icra hakimiyyəti orqanları elektron imzanın istifadəsinin tənzimlənməsi
sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər:
33.2.1
imzanın yaradılma və yoxlanılma qaydalarını müəyyən edir;
33.2.2
elektron imza və elektron sənəddən istifadə qaydalarını hazırlayır;
33.2.3
sertifikatın verilməsi və reyestrin aparılma qaydalarını hazırlayır, ona daxil
edilən məlumatların tərkibini və digər məlumatların siyahısını müəyyən edir;
33.2.4
elektron imza, imza vasitələri və elektron sənəd dövriyyəsi vasitələrinə aid
tələbləri və standartları hazırlayır;
33.2.5
Mərkəzlərin, Vasitəçilərin qeydə alınması və fəaliyyətinin təşkili ilə əlaqədar
tələbləri və qaydaları müəyyən edir;
33.2.6
Mərkəzləri, Vasitəçiləri qeydiyyatdan keçirir və qeydiyyatı ləğv edir;
33.2.7
Mərkəzin akkreditə edilməsi qaydasını müəyyənləşdirir;
33.2.8
Mərkəzlərin, o cümlədən xarici sertifikat xidmətləri mərkəzlərinin Azərbaycan
Respublikasında akkreditəsini və akkreditənin ləğv edilməsini həyata keçirir;
33.2.9
qeydiyyatdan keçmiş Mərkəzlərin və onlara verilmiş təkmil sertifikatların
reyestrini aparır;
33.2.10
Mərkəzlərin, o cümlədən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş xarici
Mərkəzlərin siyahısının ictimaiyyətə çatdırılmasını təmin edir;
33.2.11
sertifikat xidmətlərinin göstərilməsi üzrə ümumi qayda və tələbləri,
tövsiyələri hazırlayır, məsləhətlər verir;
33.2.12
imzaların istifadəsi ilə əlaqədar məsələlər üzrə xarici təşkilatlarla əlaqələri
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata keçirir;
33.2.13
qeydiyyatdan keçmiş mərkəzlərə verilmiş sertifikatlar barədə sorğulara cavab
verir;
33.2.14
informasiya sistemlərinin ekspertizası qaydasını müəyyən edir.
33.3 Müvafiq
icra hakimiyyəti orqanları sertifikat xidmətləri mərkəzlərinin fəaliyyətinə
nəzarət sahəsində aşağıdakı hüquqlara malikdir:
33.3.1
Mərkəzlərdən fəaliyyətləri barədə məlumat almaq;
33.3.2
Mərkəzlər barədə məlumatları dəqiqləşdirmək, zəruri hallarda onların fəaliyyəti
ilə bilavasitə tanış olmaq;
33.3.3
Mərkəzlərin texniki təhlükəsizlik və sertifikatlaşdırma qaydalarına əməl
etməsinin monitorinqini keçirmək;
33.3.4
Mərkəzlərin fəaliyyətində qanun pozuntuları aşkar edildikdə onların barəsində
bu Qanunda nəzərdə tutulmuş inzibati tədbirlər görmək, onların fəaliyyətinə
xitam vermək barədə iddia qaldırmaq.
Maddə 34. Elektron imza və elektron sənəd
dövriyyəsi vasitələrinə aid tələblər
34.1 Dövlət
orqanlarının mülkiyyətində olan və ya istifadə etdikləri informasiya sistemləri
vasitəsilə təhlükəsiz elektron sənəd dövriyyəsinin aparılması məqsədilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən bu
sistemlərin ekspertizası həyata keçirilməlidir.
34.2
Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan və digər konfidensial
informasiyaların sertifikatlaşdırılmış mühafizə vasitələri elektron sənəd
dövriyyəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş
qaydada istifadə edilir.
34.3
İstifadə edilən elektron imza və elektron sənəd dövriyyəsi vasitələri
sertifikatlaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq qaydada sertifikatlaşdırılır.
Maddə 35. İmza sahibi barəsində məlumatların
mühafizəsi
35.1
Mərkəzlər, Vasitəçilər fəaliyyəti zamanı malik olduğu informasiyalardan, o
cümlədən imza sahibi barəsində məlumatlardan vəzifələrinin icrası ilə əlaqəsi
olmayan məqsədlər üçün istifadə edə bilməzlər.
35.2
Mərkəzlər istifadəçilərə yalnız sertifikata daxil edilmiş və ona aid olan
məlumatları verə bilərlər.
35.3
Mərkəzlərin, Vasitəçilərin əməkdaşları və ya digər əlaqəli şəxslər
fəaliyyətləri zamanı imza sahibi barəsində onlara bəlli olan məlumatları və
imza yaratma məlumatlarını qorumağa borcludurlar.
VII FƏSİL
Yekun müddəalar
Maddə 36. Elektron imza və sənəd haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət
36.1 Bu
Qanunun pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
36.2
Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd dövriyyəsi
vasitələrindən istifadəyə görə istifadəçilər fərdi məsuliyyət daşıyırlar.
36.3
İnformasiya sisteminin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə,
müəyyən edilmiş qaydada ekspertiza keçirilməsinə bu sistemin mülkiyyətçisi
məsuliyyət daşıyır.
Maddə 37. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2004-cü il
№ 602-IIQ
Elektron xidmətlərin təşkili sahəsində
2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan”
dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən,
dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə
elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi
əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron
hökumət portalı yaradılmışdır.
Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin
vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə
2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis
edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri fəaliyyət
göstərəcəkdir. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən
xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən
qurumlardır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədləri
aşağıdakılardır:
- vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin
azalması;
- vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli
davranışa əməl edilməsinə nail olunması;
- peşəkarlıq səviyyəsinin artırılması;
- dövlət strukturlarına etimadın daha da
gücləndirilməsi;
- şəffaflığın artırılması, korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi;
- elektron xidmətlərdən daha geniş istifadə olunması;
- bu sahədə aparılan institusional islahatların
səmərəliliyinin artırılması.
Elektron hökumət haqqında ümumi məlumat
"Elektron
Hökumət"in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti.
Son illər
inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri
“Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab
edilir.
“Elektron
hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət
qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün
vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan
şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
Yaradılan yeni
imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və
vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri
sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron
xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması,
vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın
vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə
təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında
təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin
cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir.
Ölkəmizdə
“elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət
Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla
fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq
“elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət
göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi
yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya
mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portal
hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan
bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə
bilirlər.
“Elektron hökumət”in əsas fəaliyyət prinsipləri:
_________________________________________________________________
● Azərbaycan
Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
●
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və
milli maraqların qorunması;
●
İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin,
aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə
edilməsi imkanlarının təmin olunması;
● Dövlət
qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
“Elektron hökumət”in əhəmiyyəti:
_________________________________________________________________
● Dövlət
idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata
keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə
imkanlarının sadələşdirilməsi;
● Dövlət
qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin
artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
●
İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin
optimallaşdırılması və yerinə yetrilmə prosedurlarının sadələşdirilməsi;
● Elektron
xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin,
tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
● İstifadəçinin
sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın
maksimum azaldılması;
● İstifadəçinin
yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim
olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
“Elektron
hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında
informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına
göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Elektron Xidmətlər Reyestri
Elektron Xidmətlər reyestri haqqında məlumat.
Azərbaycan Respublikası Prezidentinin 23 may
2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan
Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan), eləcə də
informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən
digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq
standartlara uyğun konkret sahələr üzrə elektron xidmətlər göstərməsi
qaydalarını və xidmət növlərini müəyyən edilməsi tapşırılmışdır.
Nazirlər Kabinetinin "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin
Siyahısı"nın təsdiq edilməsi haqqında 191 saylı 24.11.2011-ci il tarixli
Qərarına əsasən müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid
reyestri yaradılmışdır. Dövlət orqanlarının elektron xidmətlər reyestrində
təqdim etdikləri e-xidmətlər haqqında yenilikləri və məlumatları buradan əldə
etmək olar.
Elektron dövlət
Elektron dövlət və ya
e-dövlət — İKT-dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya
aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin
fəaliyyətini İKT-nin köməyi ilə icraçı hakimiyyət (elektron hökumət), parlament
(elektron parlament) və məhkəmə orqanları (elektron ədalət məhkəməsi)
dəstəkləyir.
Azərbaycanda Elektron
dövlətin yaradılması "Elektron Azərbaycan" proqramı daxilində həyata
keçməli və dövlət idarəçiliyinin keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Elektron dövlət (ing.
e-government) anlayışı çox hallarda Elektron hökumət kimi nəzərdə tutulur.
Lakin bu cür ifadə düzgün deyildir. Belə ki, Elektron hökumət Elektron dövlətin
bir qoludur. Müasir beynəlxalq hüquqi sənədlərdə, əsasən insan hüquqları üzrə
Avropa məhkəməsinin qərarlarında "government" dedikdə bütünlükdə
dövlət nəzərdə tutulur. Analoji olaraq, "three branches of government"
ifadəsində yalnız hökumət deyil, dövlətin hər üç qolu nəzərdə tutulur. Hazırda
elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq
olunmaqdadır. [1]
Demokratiya və
texnologiyalar mərkəzinin (ing. Center for Democracy and Technology - CDT)
direktoru Ceyms Dempsi Elektron dövləti bu cür təsvir edir: "Elektron
dövlət İKT-dən istifadə etməklə hökuməti vətəndaşlar üçün daha əlyetərli,
effektiv və məsuliyyətli etmək məqsədi daşıyır. Elektron dövlətə keçid dövlət
qulluqçularının hər birinin iş otağının kompüterlə təchiz olunması demək
deyildir. Əksinə, Elektron hökumətdə dövlət qulluqçuları ilə digər vətəndaşlar
arasında qarşılıqlı münasibət dəyişməlidir".
Elektron dövlətin məqsədi
öz idarəetmə fəaliyyətinə İKT-ni tətbiq etməklə dövlət xidmətlərini vətəndaşın,
biznes dünyasının ixtiyarına vermək və daha təsirli və səmərəli bir idarəetməyə
nail olmaqdır. E-dövlət xidmətləri hökumət vətəndaş (G2С), hökumət biznes
(G2B), hökumət-hökumət (G2G), hökumət qulluqçu (G2E) və hökumət qeyri-
kommersiya təşkilatları (G2N) əlaqələri üzərində qurulmuşdur [2].